“OBA” marketlər şəbəkəsi “Vətən bağı”nda şəhidlər bulağını istifadəyə verdi
Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində hər zaman şəhid ailələri və qaziləri diqqət mərkəzində saxlayan “OBA” marketlər şəbəkəsi noyabrın 8-də Zəfər günü münasibətilə Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən “Vətən bağı - Şəhidlər parkı”nın açılışında iştirak edib.
8 noyabr Zəfər gününə həsr edilən açılış mərasimində “OBA” marketlər şəbəkəsi kollektivi, Tərtər rayonu İcra Hakimiyyəti, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti və media nümayəndələri iştirak edib.
Xatırladaq ki, sözügedən park “Vətən Bağı” Humanitar Təşəbbüslər İctimai Birliyi, Tərtər rayonu İcra Hakimiyyətinin təşəbbüsü və “OBA Market” MMC-nin dəstəyi ilə ərsəyə gəlib. Belə ki, “OBA” marketlər şəbəkəsi şəhidlərin adını ucaltmaq və onların xatirəsini əbədi yaşatmaq məqsədilə “Vətən bağı”nda şəhidlər bulağının əsasını qoyub.
Qeyd edək ki, ümumi sahəsi 3 hektar olan parkda, həmçinin Vətən müharibəsi zamanı qəhrəmancasına canlarından keçən şəhidlərin adına ağaclar əkilib, 44 günlük tarixi Qələbəmizin simvolu olan “Xarı bülbül” və “Zəfər yumruğu” abidələri ucaldılıb.
Tədbir zamanı vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub və şəhidlər bulağının açılışı həyata keçirilib.
“OBA” marketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədova Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib və keçirilən layihənin əhəmiyyətindən danışıb:
“”OBA” marketlər şəbəkəsi, “Vətən Bağı” Humanitar Təşəbbüslər İctimai Birliyi və Tərtər rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ərsəyə gələn “Vətən bağı-Şəhidlər parkı” layihəsinin açılış günündəyik. Bu gün "Vətən bağı"nda şəhidlərimizin əziz xatirəsinə həsr etdiyimiz bulağın açılışını həyata keçirməkdən qürur duyuruq”.
Bir daha “OBA” marketlər şəbəkəsi olaraq xalqımızı Zəfər günü münasibətilə təbrik edirik".